Sizcə "Mühasib" kimdir?
Artıq 15 ildir ki, "Mühasibatlıq" sahəsində fəaliyyət göstərirəm. Müxtəlif yerlərdə, müxtəlif təbəqədən olan insanlarla tanış olduqda, ya da öz dostlarımızın arasında olduqda 70-80% insanın dediyi ilk kəlimə - "Kefdəsən də....Əlin pulnan oynayır". Bu düşüncəni ən azından oxuyanların təxəyyülündə dəyişdirmək üçün bu yazını yazmaq qərarına gəldim.
Sizcə "Mühasib" kimdir?
"Pul sayan"mı, "Pul hesablayan"mı, "Hesabat verən"mi, "Problem həll edən"mi, "Vergini azaldan"mı, yoxsa "Verginin qarşısına çıxan"mı? Sizcə hansıdır?
İlk olaraq, onu qeyd etmək lazımdır ki, "Pul sayan" dedikləri vəzifə əslində "Mühasib" yox, "Xəzinədar" vəzifəsidir. Xəzinədarlar da bir çox avamların düşündüyü kimi öz pullarını saymır, çalışdığı müəssisənin pullarını sayır. Və bu pul saymaq zövq üçün deyil, hesab-kitabını doğru apara bilmək üçündür.
Mühasib "Pul hesablayan"dırmı? Bəli, demək olar.... Amma necə? Kimin nə qədər pul qazanmasını deyil, müxtəlif dövrlər üçün müəssisənin nə qədər mənfəət və ya zərər etdiyini, nəyin nə qədər olduğunu hesablayan birisidir.
Mühasib hesab əməliyyatlarının qeydiyyatını aparıb, gəlir və xərclər əsasında periodik olaraq şirkətlərin hesabatlarını hazırlayan, Dövlət orqanlarına təqdim edən şəxsdir. Bu proses çox məsuliyyət tələb edən bir işdir. Birincisi ona görə ki, mühasib mümkün qədər öz işindən məlumatlı və təcrübəli olmalı, təqdim etməli olduğu hesabatların hazırlanma qaydasını bilməlidir. İkincisi ona görə ki, hesab əməliyyatları dəqiq aparılmalıdır, əks halda yekunda alınan rəqəmlər doğru olmayacaq. Hesabatları doğru olmayan rəqəmlərlə təqdim edərkən Dövlət orqanlarından kameral uyğunsuzluq və əlavə hesablanmış borc bildirişləri gəlir. Nəticədə bu cür problemlər silsilə şəklində davam edə bilər. Ən nəhayətində isə, mühasib öz işini itirə bilər.
"Problem həll etmək" məsələsinə gəldikdə, mühasib, çalışdığı şirkətlə bağlı bütün problemləri deyil, sadəcə öz işi ilə bağlı yaranan problemləri həll edə bilər. O halda ki, həmin problemin həlli olsun və mühasib həll edə biləcək qabiliyyətdə olsun. Mühasib - müəssisənin rəhbəri deyil axı...bütün problemləri dəf edə bilməz.
Mühasibi "Vergi azaldan" kimi görən sahibkarlar var. Hətta bəzilərinin "Sən necə mühasibsən? Elə elə ki, vergi ödəməyək... və ya az ödəyək.... bir yolunu tap da" dediklərini eşitmişəm. Hər halda mühasib sehrbaz deyil, göydən ulduz endirə bilməz. Bunu mütləq qeyd etmək lazımdır ki, nəinki mühasiblər və şirkətlər, hər bir Azərbaycan vətəndaşı Vergi qanunvericiliyi və normativ hüquqi aktlara əməl etməlidir. Bu məsələdə mühasib öz nəfsinə görə hərəkət edə bilməz.
Mühasib - həm də "Verginin qarşısına çıxan"dır. Belə ki, şirkətləri Dövlət orqanları qarşısında əksəriyyət etibarı ilə mühasiblər təsmil edir, həmçinin, gələn yoxlamalar məhz mühasiblərin işlədiyi sənədləri, verdiyi hesabatları və s. yoxlamaq üçün gəlirlər. Bir məqamı da qeyd edim ki, sahibkarlar mühasiblərə dəstək olmalıdırlar. Belə ki, rəhbərlər mühasiblərə işə fokuslu və diqqətli çalışmaları üçün uyğun şərait yaratmalıdırlar. Çünki, "Mühasiblər" - Dövlət orqanlarının gözü ilə baxsaq şirkətin güzgüsüdür.
Mühasib - əslində hər hansı şəxsi və ya ailəvi problemləri olmasına baxmayaraq, işində son dərəcə diqqətli olmaq məcburiyyətində olan, boş qaldığında belə işdəki mühasibat əməliyyatlarını fikirləşən, hətta işlərində problem olduqda yuxusu qaçan biridir.
Yuxarıdakıları oxuduqdan sonra "Mühasiblər" haqqında biraz da olsa "Əlin pulla oynayır" fikrindən danışıb, "Əslində çox məsuliyyətli və diqqət tələb edən bir işlə məşğulsunuz" deyəcəyinizə ümid edirəm.
Fikizləriniz maraqlıdır, rəy bölməsinə qeyd etməyiniz xahiş olunur.

Comments
Post a Comment